Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarabağ Azərbaycandır!” qısametrajlı filminin təqdimat mərasimi keçirilib

30.10.2021

“Qarabağ Azərbaycandır!” qısametrajlı filminin təqdimat mərasimi keçirilib.

Şirvan şəhər Mədəniyyət Mərkəzində baş tutan təqdimat mərasimində Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, şəhid ailələrinin üzvləri, qazilər, Şirvan şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri və digərləri iştirak ediblər.

Tədbirdə ilk öncə doğma Vətənin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filmin nümayişindən əvvəl çıxış edən idarə rəisi Fərid Qurbanzadə, Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vətən müharibəsinə həsr olunmuş silsilə filmlərin çəkilməsinin təqdirəlayiq hal olduğunu vurğulamış, şanlı tariximizin təbliğ olunmasında, gənc nəslin vətənpərvər ruhda yetişməsində mədəniyyət müəssisələrinin əhəmiyyətli rolundan söz açmışdır.

Filmin rejissoru Elşən İsmayıl da çıxış edərək, film haqqında iştirakçılara məlumat vermiş, göstərdiyi dəstəyə görə Sabirabad Regional Mədəniyyət İdarəsinə minnətdarlığını bildirmişdir.

Sonra Elşən İsmayıl Sabirabad Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Daha sonra “Qarabağ Azərbaycandır!” qısametrajlı filmi nümayiş olunmuşdur.

Filmin nümayişindən sonra Vətən müharibəsi qazisi, “Qarabağ Azərbaycandır!” qısametrajlı filminin aktyor heyətində yer alan Nəsrəddin Abışov çıxış edərək, keçdiyi döyüş yolundan təsirli məqamları iştirakçılarla bölüşmüşdür.

Daha sonra filmin aktyor heyəti Şirvan şəhər Mədəniyyət Mərkəzinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.

Qeyd edək ki, Sabirabad Regional Mədəniyyət İdarəsinin dəstəyi və Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşbbüsü ilə Vətən müharibəsinə həsr olunmuş daha 2 film – “Qazi” və “Tarın sirri” qısametrajlı filmləri də çəkilmişdir. Həmin filmlərin sosial şəbəkələr üzərindən ictimaiyyətə təqdim olunması nəzərdə tutulmuşdur.