Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Şirvan

Şirvan şəhərinin təhsil tarixindən

Şirvan şəhərində ilk məktəb Kür sahilində 1920-1921-ci dərs ilində ibtidai məktəb kimi açılmış, natamam 1 nömrəli məktəb isə 1926-cı ildə tikilmişdir. 1957-ci ilə kimi Şirvan şəhərinin özündə cəmi 1 məktəb fəaliyyət göztərmişdir. Lakin rayon kimi 1942-1943-cü dərs ilində 4 məktəb var idi. Onlardan biri şəhərin özündə, digərləri indiki Salyan rayonunun Yuxarı Xalac, Sabirabad rayonunun Muğangəncəli və Şəhriyar kəndlərində yerləşirdi. Həmin dərs ilində rayonun bütün məktəblərində cəmi 3 ali təhsilli müəllimi vardı. Onlardan Yaqub Məhərrəmov və Niyaz Həşimov ədəbiyyat, Baloğlan Ələsgərov isə tarix müəllimi idi.
Sonra 1952-ci ildə 3 nömrəli 8 illik məktəb kimi fəaliyyətə başlamış, 1976-cı ildə orta məktəbə çevrilmişdir.Şəhər 4 nömrəli 1950-ci ildə ibtidai, 1951-ci ildə 7 illik olmuşdur.1958-ci ildə 2 nömrəli məktəb tikilmişdir. 1960-cı illərin əvvəlində respublikada internat məktəbləri fəaliyyətə başladıqda artıq 1961-ci ilin sentyabr ayında şəhərdə bir internat məktəbi tikilib istifadəyə verildi.
Ümumiyyətlə rayonda neft istehsalının və yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda da 1963-cü ildə Əli Bayramlı rayonunun ləğv edilərək rspublika tabeçiliyində şəhər statusu alması təhsilin inkişafına böyük təkan vermişdir. Belə ki, 1963-cü ildə 9 nömrəli, 1965-ci ildə 10 nömrəli, 1967-ci ildə 14 nömrəli, 1974-cü ildə 16 nömrəli, 1978-ci ildə 13 nömrəli, 1981-ci ildə 18 nömrəli, 1984-cü ildə 11 nömrəli, 1987-ci ildə 20 nömrəli məktəblər tikilib istifadəyə verilmişdir.
Hələ 1960-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) Şirvan şəhərində hazırlıq şöbəsi fəaliyyət göstərmişdir.
Şəhər təhsil şöbəsində və ümumtəhsil məktəblərində uzun zaman gərgin əmək sərf edərək böyük hörmət qazanmış müəllimlərdən, o cümlədən Yaqub Məhərrəmov, Gülbala Əliyev ( 2 nömrəli məktəbin ilk direktoru), Sona Babayeva (Təhsil şöbəsinin müdiri), Sara Fərzəliyeva respublikanın "Əməkdar müəllim" fəxri adına, Gülverdi Babayev isə SSRİ Maarif əlaçısı döş nişanına layiq görülmüşlər.
Müstəqillik əldə etdikdən sonra şəhərdə 1992-ci ildə 12 nömrəli, 2003-cü ildən başlayaraq isə 3 yeni məktəb binası tikilmiş, iki əlavə korpus inşa edilmişdir.2011-ci ildə isə daha bir məktəbin 3 nömrəli tam orta məktəbin yeni binasının tikintisinə başlanılmışdır.
Təhsilimiz bu gün:Hazırda 14 tam orta, 1 ümumi orta və 1 ibtidai olmaqla 16 ümumtəhsil məktəb, 5 məktəbəqədər tərbiyə və 6 məktəbdənkənar tədris müəssisələri fəaliyyət göstərir. Onlardan son 6 il ərzində 7 məktəb və 3 məktəbəqədər tərbiyə müəssisəsi əsaslı təmir edilmiş, hal-hazırda isə 3 məktəbdə əsaslı təmir işləri aparılır.
Bütün müəssisələrin maddi-texniki bazası yüksəldilmiş, istilik sistemi ilə təchiz olunmuşlar.
2011-2012-ci dərs ilinin əvvəlinə şəhər ümumtəhsil məktəblərində fəaliyyət göstərən 552 sinif komplektinə 11186 şagid təhsilə cəlb edilmiş, onların təlim-tərbiyəsi ilə 1112 nəfər pedaqoji işçi çalışmışdır.Bunlardan 980 nəfəri müəllim, 132 nəfəri isə rəhbər pedaqoji heyətdir.
Bu gün Şirvan təhsili Azərbaycanın təhsil həyatında özünəmxsus yer tutur və təhsilimizin inkişafına böyük töhfələr verir.
Pedaqoji sahədə göstərdikləri xidmətlərə görə şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyev, 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevil Xudiyeva və riyaziyyat müəllimi Həsənpaşa Tahirov, 10 nömrəli tam orta məktəbin direktoru Rafiq Səmədov və kimya müəllimi Əhmədova Lətifə, 9 nömrəli tam orta məktəbin direktoru Əlizadə Hüseynov, 20 nömrəli tam orta məktəbin direktoru Əyyub Allahverdiyev "Əməkdar müəllim" fəxri adına, 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Rəhimov Seyidağa, 18 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Yaqubov Allahverdi və 14 nömrəli tam orta məktəbin fiziki tərbiyyə müəllimi Gözəlov Vaqif "Tərəqqi" medalına layiq görülmüşlər. Şəhər 11 nömrəli tam orta məktəbin fizika müəllimi Şirəliyeva Firəngiz və TYM-nın direktoru Mais İbadov "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşlar.
2008-ci ildən şəhər ümumtəhsil məktəbləri və müəllimlər "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı məllimi" müsabiqələrində iştirak edərək uğur qazanmışlar. 2008-2009-cu tədris ilində şəhər 10 nömrəli tam orta məktəb, 2009-2010-cu tədris ilində 9,11,18 nömrəli tam orta məktəblər,2010-2011-ci tədris ilində isə 20 nömrəli tam orta məktəb "Ilin ən yaxşı məktəbi" müsabiqəsinin,4 nömrəli tam orta məktəbin kimya müəllimi Yolçiyeva Şamama isə "Ilin ən yaxşı müəllimi"müsabiqəsinin qalibi olmuşlar.
Istedadlı şagirdlərin aşkara çıxarılması istiqamətində təhsil şöbəsinin gördüyü işlər təqdirəlayiqdir.
Ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə keçirilən bütün inşa və rəsm müsabiqələrində şagirdlərimiz uğurla iştirak etmişlər.

2007-ci il inşa- I yer, rəsm- III yer;
2008-ci il inşa- I yer;
2009-cu il inşa-I yer;
2010-cu il inşa-III yer, rəsm- III yer;
2011-ci ildə III yeri tutmuşdur.

Respublika fənn olimpiadalarında uğurlarımız aşağıdakı kimi olmuşdur.

2007-ci ildə 4 nəfər, o cümlədən 1 nəfər II yer;
2008-ci ildə 5 nəfər, o cümlədən 1 nəfər I yer;
2009-cu ildə 6 nəfər, o cümlədən 1 nəfər I yer;
2010-cu ildə 6 nəfər, o cümlədən 1 nəfər III yer;
2011-ci ildə 5 nəfər, o cümlədən 1 nəfər III yeri tutmuşdur

Digər beynəlxalq yarış və müsabiqələr:

Beynəlxalq Türkcə Olimpiadasının Azərbaycan finalında ümumtəhsil məktəblərinin 3 şagirdi qalib olmuş;
Türkiyə finalında isə 9 nömrəli tam orta məktəbin şagirdi Mirzəyeva Saniyə (müəllim Xəlilova İradə) uğurla iştirak edərək gümüş medalla vətənə qayıtmışdır.
Hər il ənənəvi keçirilən Ətraf Mühitin Mühafizəsi Beynəlxalq İNEPO olimpiadasında bu il şəhər 1nömrəli tam orta məktəbin şagirdlərinin layihələri 2 gümüş medal qazanmışdır.
Məktəbdənkənar müəssisələrin son bir il fəaliyyətinə nəzər salaq:
Uşaq Gənclər İdman Məktəbinin yetirmələrindən "Təhsil" Mərkəzinin Boks üzrə respublika birinciliyində (fevral-2011) 2 nəfəri I, 2 nəfəri II, 1 nəfəri III yerə, "Əl topu" üzrə oğlan və qızlardan ibarət hər iki komandası III yerə çıxmışlar.
Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 2010-2011-ci dərs ilində bir sıra nailiyyətlərə imza atmışlar. Belə ki, "Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq işlərinə respublika baxış müsabiqəsi"nin zona mərhələsində müxtəlif modelçilik üzrə mərkəzin yetirmələrindən 7 nəfəri I yer, 6 nəfəri II yer, 2 nəfəri isə III yer tutmuşlar, final yarışında isə 4 modelçilik üzrə I yerə çıxmışlar;
Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzində qızlardan ibarət "Eko-polis" yaradılmışdır ki, bu da həmin Mərkəzlər arasında yeganədir.
Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri "Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq işlərinə respublika baxış müsabiqəsi"nin respublika mərhələsində 1 nəfəri I, 1 nəfəri III yerə, "Beynəlxalq Sülh Günü" rəsm müsabiqəsində III yerə çıxmış, dərnək üzvü 20 nömrəli məktəbin şagirdi Səbuhi Abdullayev Türkcə Olimpidasının Azərbaycan finalının qalibi olmuşdur.
Şahmat məktəbinin komandası respublika birinciliyində III, dərnək üzvü Çinarə Məmmədova isə I yeri utumuş, H.B.Zərdabinin və Q.Mustafayevin xatirələrinə həsr olunmuş turnirlərdə məktəbin yetirmələri I yerlərə layiq görülmüşlər.
Estetik Tərbiyə Mərkəzinin dərnək rəhbəri Aygün Məlikova ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Əl işləri" sərgisində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Fəxri Fərman almış, digər dərnək rəhbəri Kəmalə Qəmbərova Respublika Günü münasibətilə Respublika Tədris-Metodiki Mərkəzin Diplomuna layiq görülmüşdür.

İKT. Şəhər ümumtəhsil məktəblərinin bütün müəllimləri təhsil sisteminin informasiyalaşdırılması çərçivəsində İKT kurslarından keçmişlər. Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil Şöbəsi və məktəblərimiz AZEDUNET vasitəsi ilə internet şəbəkəsinə qoşulmuş bu da onların fəaliyyətinə daha müsbət təsir göstərmişdir.
Ötən dərs ili ərzində ümumtəhsil məktəblərinə daha 67 ədəd kompüter dəsti verilmişdir. Bu da ümumilikdə hər 26 şagirdə bir kompüterin düşməsi deməkdir.
Ali məktəbələrə qəbul zamanı TQDK-nı statistik hesabatına görə Təhsil Şöbəsi ilk ən yaxşı 15 şöbə siyahısına daxil olmuş, abituriyentlərin topladıqları orta bal respublika göstəricisindən yüksək olmuşdur. 2004- cü ildən başlayaraq 600-dən yuxarı bal toplayanlar aşağıdakı kimi olmuşdur.

2004-cü il 7 nəfər
2005-ci il 8 nəfər
2006-cı il 11 nəfər
2007-ci il 13 nəfər Prezident təqaüdçüsü - 2 nəfər
2008-ci il 22 nəfər 700 bal- 1 nəfər, prezident təqaüdçüsü-1 nəfər
2009-cu il 11 nəfər
2010-cu il 16 nəfər
2011-ci il 20 nəfər Prezident təqaüdçüsü - 2 nəfər

Təhsil Şöbəsi: 1941-ci ilə qədər Təhsil Şöbəsi barədə səhih məlumat yoxdur. Lakin 1941-ci ildən sonra Əli Bayramlı, indiki Şirvan Təhsil Şöbəsinə rəhbərlik edənlər məlumdur. Onlardan Yusifov (adı bəlli deyil), Əvəz İbrahimov (əməkdar müəllim), Xasməmməd Babayev, Nəcəfqulu Əlizadə, Mehdi Qəniyev (əməkdar müəllim), Ərzuman Gülmalıyev, Sona Babayeva (əməkdar müəllim), Vəli Ələkbərov, Gülara Əzizova, Seymur Bağırzadə, Nazim Ələkbərov, Pirəməmməd Eyvazov, Şükür Qəribov və Paşa Nəbiyev (əməkdar müəllim).
2005-ci ildən şəhər Şirvan Təhsil Şöbəsinə Nəbiyev Paşa Sədi oğlu rəhbərlik edir. O, 1949-cu ilin 28 sentyabr tarixində indiki Şirvan şəhərində anadan olmuşdur. 1971-ci ildə N.Tusi adına ADPU-nun tarix fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə 1971-1972-ci illərdə Hacıqabul rayonunun 5 və 6 nömrəli məktəblərində başlamışdır. 1972-1973-cü illərdə isə hərbi xidmətdə olmuş və leytenant rütbəsində hərbi xidməti başa vurmuşdur.
1973-1977-ci illərdə o vaxtkı Əli Bayramlı Pedaqoji Məktəbində, 1977-1987-ci illərdə isə 2 nömrəli tam orta məktəbdə tarix müəllimi işləmişdir. P.Nəbiyevin müsbət keyfiyyətləri, pedaqoji işə münasibəti nəzərə alınaraq 1987-ci ildə o, 2 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur. 2005-ci ilin may ayında isə Təhsil Şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2011-ci il tarixli 1753 nömrəli sərəncamı ilə Paşa Nəbiyevə "Əməkdar müəllim" fəxri ada layiq görülmüşdür.
Ailəlidir. 2 övladı var.