Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix

Şirvan

Bu gün Şirvan şəhəri Azərbaycanın inzibati və iqtisadi xəritəsində müstəsna əhəmiyyət kəsb edən, on minlərlə insanın yaşadığı, çoxsahəli sosial-iqtisadi və mədəni obyektləri özündə birləşdirən sənaye mərkəzlərindən biridir.1930-cu ilə kimi Ərəbşahverdi, Papanino və nəhayət Zubrovka qəsəbəsi adlanan ərazi 1931-ci ildə kolxozlaşma ilə əlaqədar rayon mərkəzinə çevrilərək Əli-Bayramlı qəsəbəsi adlandırılmışdır.28 iyul 1954-cü ildə Əli-Bayramlı rayon tabeliyində şəhər statusu almaqla böyük bir kənd təsərrüfatı rayon mərkəzi olmuşdur.1963-cü il yanvar ayında Əli-Bayramlı rayonu ləvğ edilərək onun kəndləri uyğun olaraq Sabirabad , Səlyan və Şamaxı rayonlarının tabeliyinə keçirilmişdir. Əli-Bayramlıya isə respublika tabeliyində şəhər statusu verilmişdir. 2008-ci ilin may ayında Əli-Bayramlı şəhərinin adı dəyişdirilərək Şirvan adlandırılmışdır. Bakı şəhərindən cənub-qərbə avtomobil yolu ilə 120 km məsafədə, əsasən Şirvan düzündə, Kür çayının şərq sahilində yerləşir. Respublikanın cənub, cənub-qərb və şimal bölgələrinin birləşdirən avtomobil və dəmir yolları, Kür çayı vasitəsilə su yolu Şirvan şəhərindən keçir. Şəhər Sabirabad, Salyan və Hacıqabul rayonları ilə həmsərhəddir. Əhalisi 01.01.2013-cü il tarixə 80.9 min nəfər, ərazisi 72.7 kv.km-dir.
Alman faşizminə qarşı müharibədə cəbhəyə getmiş 8600 nəfər həmyerlimizdən 7304 nəfəri geri qayıtmamışdır. Həmin dövrdə igidliklər göstərən Şirvan vətəndaşları orden və medallarla təltif olunmuş, 1 nəfər şəhər sakini isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qarabağ uğrunda gedən azadlıq savaşında isə şəhər gənclərindən 131 nəfər şəhid olmuşdur ki, onlardan 3 nəfəri ölümdən sora Milli Qəhrəman adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 2800 nömrəli Sərəncamına əsasən Əli Bayramlı şəhəri Şirvan şəhəri adlandırılmış, Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 447 saylı sərəncamına əsasən Şirvan şəhərinin ərazisi 30 km2-dən 72,7 km2 qədər genişləndirilmişdir.