Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Saatlı rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Türk dünyasının qoşa zirvəsi” mövzusunda tədbir təşkil olundu.

28.08.2019

27 avqust 2019-cu il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Türk dünyasının qoşa zirvəsi” mövzusunda tədbir təşkil olundu. Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları və rayon ictimaiyyəti iştirak etdi. Beynəlxalq aləmdə tanınmağı, xalqlarla birgə yaşayış qaydalarına əməl etməklə qarşılıqlı münasibətlərin yaranmasını əsas məqsədlər kimi qarşıya qoyan ümummilli lider Heydər Əliyevin xarici siyasətində Türkiyə ilə əməkdaşlıq ilk sıralarda yer alır. Ulu Öndər bu dövlətin qurucusu Mustafa Kamal Atatürkə olan hörmət və ehtiramını bu sözlərlə ifadə edir: “Mustafa Kamal Atatürk bütün türk dünyasının tarixi şəxsiyyətidir. Bütün türk dünyasının əvəzsiz, ölməz lideridir.” Sevindirici haldır ki, bu gün bütün türk xalqları eyni sözləri ümummilli lider Heydər Əliyev haqqında söyləyir, Ulu Öndəri müdriklik nümunəsi adlandırırlar. Türk dünyasının iki korifeyinin bənzərsiz həyat yolu, böyük idealları, dahiyanə fikirləri, vətən yolunda mübarizələri, dövlət quruculuğu sahəsindəki fədakarlıqları türk xalqlarının birlik və həmrəyliyinin möhkəmlənməsinə xidmət edən amallardandır. “Atatürkün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir” söyləyən ümummilli lider Heydər Əliyev də Müstafa Kamal kimi həyatını xalqının müstəqillik və azadlığının əbədiliyi naminə sərf etmiş, özünün də vurğuladığı kimi, bütün ömrünü millətinin rifahına həsr etmişdir. Türk dünyasının hər iki korifeyinin əqidə və məramı eyni məqsəd və amala yönəlib: Mənəvi körpüləri qoruyub saxlamaq, köklərimizə qayıtmaq, imperiya siyasətinin zaman-zaman parçaladığı tariximizin içində bütövləşmək, ortaq dəyərlərimizi birləşdirmək, qoruyub, saxlamaq. Atatürk çətin illərdə Türkiyənin istiqbalını Antanta qoşunlarının həmlələrindən xilas etdiyi kimi, Heydər Əliyev Azərbaycanın müstəqilliyini daxili və xarici bədxahlarımızın təsir və təzyiqlərindən qorumuşdur. Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti ilə Azərbaycan xalqına qarşı pərdəarxası oyunlara, siyasi anarxiya və ekstremist hallara son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuş, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaranmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı. Təkcə Azərbaycan xalqının deyil, bütünlükdə türk dünyasının lideri olduğunu Dünya azərbaycanlılarının qurultayını təşkil etməklə bildirən, türk dövlətlərini eyni məqsəd naminə birləşdirən Ulu Öndər bununla da türkçülük ideyasının təkmilləşdirilməsi kimi tarixi missiyanı həyata keçirdi. Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, Vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər Heydər Əliyev zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolların parametrlərini müdrikcəsinə müəyyən etmişdir.

 

126.4 KB