Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Qəhrəmanlığın Mübariz Yolu”

07.02.2019

07.02.2019-cu il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Qəhrəmanlığın Mübariz Yolu” mövzusunda dəyirmi masa təşkil olundu. Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları və rayon gəncləri iştirak etdilər. Tədbirdə Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış, göstərdiyi şücaətlə  qəhrəmanlığın, igidliyin rəmzinə çevrilmiş Mübariz İbrahimovun haqqında təfərrüatlı məlumat verildi.

     Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid olmuş M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini Daxili Qoşunların"N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət “İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı qəhrəmanlar. Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi. Heç kəs anadan qəhrəman doğulmur. Onu yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr, malik olduğu xarakter, ən başlıcası, xalqın ruhunun can ortağı olan ruhu yetişdirir. Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Ağlı kəsəndən, dili söz tutandan evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb eşitmişdi. 4 yaşındaydı Xocalı faciəsi baş verəndə. Məktəbdə Xocalı faciəsindən inşa yazanda, tədbirlərdə iştirak edəndə, televiziyada erməni vəhşiliklərini əks etdirən süjetlərə baxanda onunla həmyaşıd olan uşaqlara, qadınlara, ağsaqqallara, ağbirçəklərə yalnız azərbaycanlı olduğuna görə erməni cəlladlarının işgəncələr verərək öldürdüklərini görəndə, tərtəmiz ürəyinə göstərəcəyi qəhrəmanlığın ilk sətirləri yazılırdı. Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçməyi bacardılar. Torpağı vətənləşdirən onlardır. Yüksəklikdə bir postumuz var.  Bu postda Mübarizin də ayaq izləri qalıb yəqin. Buradakı daşa, torpağa onun da nəfəsi hopub. Bu post Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır. Cəsur əsgərlərimiz qəhrəmanın adını daşıyan bu posta göndərilməyi haqlı olaraq etimad kimi qəbul edir, Mübarizin şərəfli adına layiq olmağa çalışırlar. Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir.

 

 

58.8 KB